Son Xəbərlər:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib

Müşavirəni açan Prezident İlham Əliyev demişdir ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdır. Qəzanı aradan qaldırmaq üçün operativ tədbirlər görülmüş, məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır. Komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməli və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.

Prezident qeyd etdi ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza demək olar ki, aradan qaldırıldı. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verildi, heç bir ağır hadisə baş verməmişdir.

Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Vətəndaşlar metrodan təxliyə edildi. Liftlərdə qalmış vətəndaşlar təxliyə olundu. Xilasedicilər çox uğurla fəaliyyət göstərdilər.

Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər.

Cənab İlham Əliyev onu da qeyd etmişdir ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Prezident bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürünü bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur.

Nəqliyyat məsələlərinə toxunan ölkə prezidenti Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördüyünü, xətlərə yeni avtobuslar çıxarıldığını, sərnişinlərə böyük diqqət və qayğı göstərildiyini qeyd etdi.

Cənab İlham Əliyev daha sonra iki dəfə baş vermiş qəzanın çox ciddi araşdırılmasının vacib olduğunu söylədi. Son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu, son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verildiyini, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikildiyini xatırlatmışdır. O demişdir: “Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir — Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır. Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.

Dövlət Komissiyasının sədri Yaqub Eyyubov öz çıxışında qəzanın səbəblərindən biri kimi kabellərin uzun illərdir istismar edilməsi yanğının intensivliyini bir qədər də artırmışdır. Eyni zamanda, qeyd edilməlidir ki, qəza baş verən vaxtda bu yarımstansiyaya xidmət edən stansiyanın 6-cı blokunda iş dayanmış, lakin ona verilən qaz dayandırılmadığından burada da yanğın baş vermişdir. Hər iki yanğın söndürülmüşdür. Bütün bunların nəticəsində işlək vəziyyətdəki enerji blokları və hava xətlərində qəza açılışları olmuş, stansiyada gərginlik tam itmiş və respublikanın elektrik enerjisinin əsas ötürücülərindən olan birinci “Abşeron” elektrik hava xətti ilə elektrik cərəyanı verilişi tam dayanmış, stansiyanın avtomatika və idarəetmə sistemi pozulmuşdur. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın rayonlarının elektrik enerjisi təminatında fasilə yaranmışdır. İlk növbədə, xüsusi həyati əhəmiyyətli obyektlərə — xəstəxanalara, metroya, hava limanına, Neft Şirkətinə, “Gəncə Det.Al” alüminium şirkətinə və digər bu kimi obyektlərə elektrik enerjisinin verilməsi təmin edilmişdir. İyulun 4-də saat 4 radələrində isə ölkə üzrə tələbata uyğun gücün əldə edilməsinə nail olunmuşdur. Rusiya və Gürcüstandan da əlavə elektrik enerjisi alınmışdır.

Qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika, Fövqəladə Hallar nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Neft və Sənaye Universitetinin mütəxəssislərindən ibarət ekspert komissiyası yaradılmışdır. Komissiyaya rəhbərlik Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılmışdır. Komissiya işə başlamışdır, bir həftə ərzində araşdırma qurtarandan sonra nəticələr Prezidentə məruzə ediləcəkdir.

Yaqub Eyyubov qeyd etmişdir ki, Bakı şəhəri 100 faiz enerji ilə təmin edilir. Bakıətrafı qəsəbələr, Xırdalan şəhəri və rayonlar isə 85 faiz.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev çıxış edərək demişdir ki, son bir həftə ərzində isə enerji istehlakı 40 faiz artmışdır.

Cənab İlham Əliyev “Azərenerji” ASC-nin prezidentinin sözünə etiraz edərək dedi:”… Bu, qəzanın səbəbi ola bilməz. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi — bu, yumşaq desək, böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Mən giriş sözümdə bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılmışdır. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb. Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən”.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək dedi ki, ilk hadisə zamanı  cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılmış və qabağında olan kanallarda kabelləri yandırmışdır. Təxminən 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməmişdir. Komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır. Ərazi quru otlardan təmizlənməmişdir. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, – düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, – Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda, qəza baş verən gün suyun temperaturu 28 dərəcə olmuşdur, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədir.

Kəmaləddin Heydərov cənab prezidentin sözlərini təsdiqləyərək, dedi ki, oradakı hər hansı bir yarımstansiyada qəza olduğu halda nəinki sistem çökməməlidir, heç o stansiyanın digər bloklarında da başqa bir şey olmamalıdır. O demişdir: “Elektrik xətlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir. Biz orada energetiklərlə söhbət etdik və soruşduq ki, niyə ikinci dəfə blok çökdü. Biz orada müşavirə keçirirdik və birdən-birə enerji kəsildi. Heç kim bizə məlumat verə bilmədi ki, niyə işləyən qurğu birdən-birə yatdı. Yəni, biz digər qurumlarla birgə hərə öz kanalından istifadə etdi ki, qəza hansı tərəfdən olub. Biri dedi ki, Şirvan stansiyasında yükləmə çox olub və ona görə burada açılıb. Biri dedi ki, Bakı-Abşeron xəttində gərginlik çoxaldığına görə olub. Biz illər boyu yazdığımız məsələləri dünən Baş Prokurorluğa, eyni zamanda, Daxil İşlər Nazirliyinə təqdim etdik.

Cənab Prezident, mən orada müşahidə etdiyim məsələlərdə ən əsas gördüyüm odur ki, birincisi bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır. Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın”.

Prezident İlham ƏLİYEV: Yaxşı, əyləşin. Bu təklifləri təqdim edərsiniz, komissiyada baxılar və komissiyanın yekun rəyində mütləq öz əksini tapmalıdır.

Daxili işlər naziri Ramil USUBOV öz çıxışında Daxili İşlər Nazirliyi digər qurumlarla birlikdə asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər işləyib hazırlamış və həyata keçirməyə başlamışdır. Təqribən 30 min nəfər təxliyə olunmuş, avtobusların vətəndaşlarımızı evlərinə aparmasında yol polisi onları müşayiət etmişdir. Hərəkətin təhlükəsizliyi ilə bağlı Dövlət Yol Polisi ilə bərabər Post Patrul Xidmətinin 150 nəfər əməkdaşı da Bakı şəhərində bu işə cəlb edilmiş və normal hərəkət təmin olunmuşdur. Dövlət əhəmiyyətli obyektlərin, diplomatik korpusların yerləşdiyi ərazilərin qorunması da gücləndirilmişdir.

Səhiyyə nazir Oqtay Şirəliyev öz çıxışında demişdir ki, baş verən qəzadan sonra daim bütün regionlarla əlaqə saxlanılmışdır. Hər yerdə generator sistemləri quraşdırılıb. Hər yerdə generatorlar işləyirdi, tibbi xidmət göstərilirdi. Bakı şəhərində də nazirliyin əməkdaşları təhkim olunmuşdu. Ilk növbədə, cərrahiyyə, əməliyyat blokları, reanimasiya tam tərkibdə işləyirdi. Bu iki gün ərzində məsələ ilə bağlı bir ölüm hadisəsi də olmadı. Təcili yardım tam gücü ilə işləyirdi. 2130 çağırış olub. Bunlardan 220 adam xəstəxanalara daxil olub, onlara tam həcmdə yardım göstərilib. Metronun hər stansiyasının qarşısında təcili yardım maşını təhkim olunmuşdu. Onların arasında cəmi 19 nəfər müraciət edib, o da gərginlikdən, əsəbdən. Onlara ilkin tibbi yardım göstərilib. Cəmi 6 nəfər xəstəxanalara yerləşdirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov demişdir ki, hadisə baş verən kimi, mövcud su və kanalizasiya nasosxanalarını, su mənbələrini su basmasının qarşısının alınması üçün vacib tədbirlər görülmüş, bu qurğuların heç birində problem olmamışdlr. O demişdir: “Enerji kəsiləndən sonra mövcud vəziyyəti qiymətləndirdik. Su anbarlarındakı ehtiyatlarımız, kanalizasiya-nasos stansiyalarına aparan xətlərin təhlil imkanları olan xətlər. Həmin ərazilərə əvvəlcə ehtiyat suların qənaətlə verilməsi rejimini müəyyənləşdirdik. Harada ki nasos stansiyasına ehtiyac yoxdur, öz axınında, rejimində su verilir. Digər yerlərə suyun verilməsi üçün biz su maşınlarını işə cəlb etdik. Fövqəladə Hallar Nazirliyindən, Bakı Şəhər İcra Hakimiyyətindən, rayon icra hakimiyyətlərindən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, öz maşınlarımızı, eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan su maşınlarını bu işlərə cəlb etdik. Rayon icra hakimiyyətləri ilə birgə biz öz axını ilə su verə bilmədiyimiz yerlərdə də əhalinin su təminatı ilə məşğul olduq. Hazırda artıq suyun mənbələrdən verilişi tam bərpa edilib. Şəhərin 92-93 faizinə su veririk. Anbarlarda ehtiyatımız 45-50 faizdir. Sabah səhər saatlarında tam rejimə çıxacağıq”.

 “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa RZAYEV öz çıxışında demişdir ki, hazirda Bakı şəhəri 100 faiz, Bakıətrafı ərazilər 90 faiz, regionlar isə 85-90 faiz təmin olunur. Birinci dəfə təxminən 2 saat 40-50 dəqiqə, ikinci dəfə isə 30 dəqiqə fasilə olmuşdur. Rusiyadan alınan birinci 100 meqavat enerji ilə bütün xəstəxanalar, kanalizasiya və su təchizatı sistemi, bütün həyati vacib obyektlər, metro, hava limanı təmin olunmuşdur.

 “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur HÜSEYNOV öz çıxışında demişdir ki, ayın 2-də hərəkətdə olan 18 sərnişin qatarı dayandı – 9-u stansiyalarda, 9-u tunellərdə. Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları söndü, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayandı. Təqribən saat yarımdan sonra əsaslı su xaric qurğularında suyun səviyyəsi qalxdı. Metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında səviyyə kritik həddə çatmışdı.

Aşağıdakı tədbirlər görülüb: akkumulyatorlardan qidalanan qəza işıqları qoşuldu. Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərildi. Birinci gün stansiyalarda və tunellərdə dayanan qatarlardan sərnişinlər təxliyə olundu. Ümumilikdə 154 nəfər sərnişin çıxarıldı. Xəsarət alan olmadı. Vəziyyətdən çıxmaq üçün “Nizami” və “Nəsimi” stansiyalarındakı su xaric qurğularından su öz axını ilə nisbətən az debiti olan su xaric qurğularına istiqamətləndirildi. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarıldı. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başladı. Ayın 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi itəndə analoji fəsadlar yarandı və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub. Iyulun 4-də saat 13:10-da metropolitenin xətləri və stansiyaları yenidən sərnişindaşıma fəaliyyətinə başlamışdlr.

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal KƏRİMLİ çıxış edərək demişdir ki, Bakı şəhərində bütün qarajlar gecə radələrində, metropolitenlə əlaqə saxlanıldıqdan sonra hazır vəziyyətə gətirilmişdir. Ümumilikdə, yay aylarında Bakı şəhərində 1600 avtobus fəaliyyət göstərirdisə, onun sayı 2100-ə çatdırılmışdır. Bakı şəhərinin əsas nəqliyyat qovşaqları və giriş-çıxışları ehtiyat avtobuslarla təmin olunmuş və əhalinin rahatlığı üçün tapşırığınıza əsasən ödənişsiz fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda, nəqliyyat qovşaqlarında havanın isti olması nəzərə alınaraq sərinləşdirici içkilər Bakı Nəqliyyat Agentliyi tərəfindən paylanmışdır. Bundan başqa, maarifləndirmə işlərində, avtoradio və sosial şəbəkələrdə insanların yol kəsişmələrində bir-birinə duyarlı olması məsələsi qaldırılmışdır və insanlarımız da, qeyd etdiyiniz kimi, bununla əlaqədar olaraq öz vətəndaşlıq borclarını, çox yüksək səviyyədə yerinə yetirmişlər. Bu arada, bildiyiniz kimi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində də işıqforlarla əlaqə kəsilmiş, lakin elektrik enerjisi bərpa olunduqdan sonra işıqforların fəaliyyəti çox qısa zamanda yenidən təmin edilmişdir. İşıq olmadığı zaman Dövlət Yol Polisi tərəfindən bütün kəsişmələrdə dəstək və kömək göstərilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Nazim Məmmədov dedi ki, artıq komissiyanın iş cədvəli təyin olunmuşdur. Bizim birinci iclasımız keçirilib, ikinci iclasımız saat 7-də Yaqub müəllimin yanında olacaq.

Baş prokuror Zakir Qaralov çıxış edərək dedi ki, baş vermiş qəza ilə bağlı verdiyiniz Sərəncamın 3-cü bəndinin icrasına uyğun olaraq cinayət işi qaldırılmışdır. Cinayət işi yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə qaldırılmışdır. Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılmışdır. Hazırda istintaq-əməliyyat qrupu hadisə yerində təxirəsalınmaz tədbirlər həyata keçirir. Hadisə yerinə baxış keçirilmiş, müvafiq sənədlər götürülmüş və artıq hadisənin başvermə səbəbləri ilə bağlı dindirmələrə başlanılmışdır. O demişdir: ”İclasdan əvvəl mənə verilən ilkin məlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olmuşdur. Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilmiş, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulurdu. Həmin məsələ icra olunmamışdır. Belə bir halda gərginlik azalmaqla cərəyan artmışdır.

Digər vacib məsələ, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmamışdır. Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmamış və təmir işləri aparılmamışdır. Nəticədə cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmamış, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmamışdır. Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnmişdir. Eyni zamanda, son 3 ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb olunurdu ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmamış, ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmamış və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmamışdır. Dəfələrlə hər il bu məsələ qaldırılır, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar qəzaya gətirib çıxarmışdır. Siz tamamilə düzgün sual verdiniz ki, nə səbəbə görə bir elektrik stansiyasında baş vermiş qəza lokallaşmır, bütövlükdə bizim energetika sistemi çökür? Mütəxəssislərin fikri ondan ibarətdir ki, “Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb. Yəni, bunu biz Sizə mütəxəssislərin əlavə rəylərini aldıqdan sonra təqdim edəcəyik. Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir”.

x x x

Prezident İlham Əliyev son çıxışında demişdir ki, komissiya bu qəzanın səbəblərini və günahkarları təyin etməli, tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına müşavirədə səsləndirilən fikirlər, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi də salınmalıdır.

Azərbaycan Prezidenti göstərdikləri köməyə görə Rusiya və Gürcüstan tərəfinə öz təşəkkürünü bildirmiş, Azərbaycanla bu ölkələr arasında sıx dostluq əlaqələrinin olmasını və belə fövqəladə vəziyyətlərdə qarşılıqlı köməyin həmişə olduğunu qeyd etmişdir.

Prezident həmçinin qeyd etmişdir ki, strateji obyektlərdə, ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə də baxılmalıdır. O demişdir: “İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz.

O ki qaldı metropolitenə, ümumiyyətlə, bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”.

Bununla da müşavirə başa çatdı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок