Son Xəbərlər:

Azərbaycan Respublikasının Nazirlər Kabineti Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Qərar № 120 Bakı şəhəri, 25 iyun 2010-cu il

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında

Qərar № 120

Bakı şəhəri, 25 iyun 2010-cu il

«Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 29.0.8-ci maddəsinə əsasən və «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. «Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı» təsdiq edilsin (1 nömrəli əlavə).
  2. «Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı» təsdiq edilsin (2 nömrəli əlavə).
  3. «Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları» təsdiq edilsin (3 nömrəli əlavə).
  4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri            Artur RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2010-cu il, № 6 (156), maddə 564) («VneshExpertService» LLC).

12 yanvar 2012-ci il tarixli, 6 nömrəli Qərara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli,
120 nömrəli qərarı ilə
təsdiq edilmişdir

1 nömrəli əlavə

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı

İxtisaslar Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı (manatla)
1 2
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 1500
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
Xarici dil müəllimliyi (dillər üzrə)
Fizika müəllimliyi
Riyaziyyat və informatika müəllimliyi
Riyaziyyat müəllimliyi
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)
Texnologiya müəllimliyi
Musiqi müəllimliyi
Biologiya müəllimliyi
Kimya müəllimliyi
Kimya və biologiya müəllimliyi
Tarix müəllimliyi
Tarix və coğrafiya müəllimliyi
Coğrafiya müəllimliyi
İnformatika müəllimliyi
Təsviri incəsənət müəllimliyi
İbtidai sinif müəllimliyi
Korreksiyaedici təlim
Məktəbəqədər təlim və tərbiyə
Təhsildə sosial-psixoloji xidmət
Filologiya 1800
Fəlsəfə
Tərcümə (dillər üzrə)
Jurnalistika
Kitabşünaslıq
Tarix
Antropologiya
Politologiya
Psixologiya
Sosiologiya
Regionşünaslıq (regionlar üzrə)
Hüquqşünaslıq
Beynəlxalq münasibətlər
Dinşünaslıq
Kitabxanaçılıq və informasiya
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması 1500
Sənətşünaslıq
İnstrumental ifaçılıq 7000
Solo oxuma
Dirijorluq
Bəstəkarlıq
Musiqişünaslıq
Xoreoqrafiya sənəti 1500
Estrada sənəti
Xalq çalğı alətləri ifaçılığı
Aktyor sənəti
Dekorativ sənət 2000
Teatrşünaslıq 1500
Bədii yaradıcılıq və ekran dramaturgiyası
Rejissorluq
Kinoşünaslıq
Operator sənəti
Rəngkarlıq 2000
Qrafika
Heykəltəraşlıq
Dizayn
Dünya iqtisadiyyatı 1500
Mühasibat uçotu və audit
Maliyyə
İqtisadiyyat
Sənayenin təşkili və idarə olunması
Statistika
Menecment
Marketinq
Biznesin idarə edilməsi
Dövlət və bələdiyyə idarəetməsi
Kommersiya
Riyaziyyat 1600
Mexanika
Fizika
Kimya
Biologiya
Coğrafiya
Hidrometeorologiya
Geologiya
Kompüter elmləri
Ekologiya
Materialşünaslıq mühəndisliyi 1800
Geologiya mühəndisliyi
Hidrogeologiya mühəndisliyi
Geofizika mühəndisliyi
Dağ-mədən mühəndisliyi
Neft-qaz mühəndisliyi
Neft-qaz qurğuları mühəndisliyi
Elektroenergetika mühəndisliyi
İstilik energetikası mühəndisliyi
Enerji maşınqayırması mühəndisliyi
Metallurgiya mühəndisliyi
Maşın mühəndisliyi
Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
Uçuş mühəndisliyi
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
Dəniz texnikası və texnologiyası mühəndisliyi
Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi
Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
Cihazqayırma mühəndisliyi
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
Elektrik mühəndisliyi
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Mexatronika və robototexnika mühəndisliyi
Mexanika mühəndisliyi
Kompüter mühəndisliyi
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Memarlıq
İnşaat mühəndisliyi
Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
Nəqliyyat tikintisi mühəndisliyi
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
Geodeziya və xəritəçilik mühəndisliyi
Kimya mühəndisliyi
Qida məhsulları mühəndisliyi
Çoxişlənən malların texnologiyası mühəndisliyi
İstehlak mallarının ekspertizası və marketinqi
Poliqrafiya mühəndisliyi
Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
Biotibbi texnologiya mühəndisliyi
Ekologiya mühəndisliyi
Yanğın təhlükəsizliyi mühəndisliyi
Torpaqşünaslıq və aqrokimya 1800
Aqronomluq
Zootexniklik
Baytarlıq
Yer quruluşu, torpaq və şəhər kadastr
Aqromühəndislik
Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
Meşəçilik
Su bioehtiyatları və akvabitkilər
Müalicə işi 2500
Pediatriya
Hərbi həkim işi
Tibbi profilaktika
Stomatologiya
Əczaçılıq
Tibbi biologiya
Bədən tərbiyəsi və idman 1000
Turizm və otelçilik 1800
Nəqliyyat servisi (nəqliyyat növləri üzrə) 1800
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi 1800
Sosial iş 1500

Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin miqdarından artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir.

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli,
120 nömrəli qərarı ilə
təsdiq edilmişdir

2 nömrəli əlavə

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı

İxtisaslar Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı (manatla)
1 2
Təbiət elmləri 1600
Riyaziyyat
Mexanika
Fizika
Kimya
Biologiya
Coğrafiya
Hidrometeorologiya
Torpaqşünaslıq
Geologiya
Humanitar və sosial elmlər 1800
Mədəniyyətşünaslıq
Filologiya
Fəlsəfə
Dilşünaslıq
Jurnalistika
Kitabşünaslıq
Tarix
Muzeyşünaslıq
Politologiya
Psixologiya
Sosiologiya
Regionşünaslıq
Hüquqşünaslıq
Musiqişünaslıq
İncəsənət
Beynəlxalq münasibətlər
Bədən tərbiyəsi
Dinşünaslıq
Səhiyyə
Beynəlxalq hüquq
Dizayn
Maarif 1500
İqtisadiyyat və idarəetmə 1500
İqtisadiyyat
Mühəndis iqtisadiyyatı və idarəetmə
İnzibati idarəetmə
Kommersiya
Təbiət-texniki elmlər 1600
Biotexnologiya
Neft-qaz və dağ-mədən istehsalatının fiziki prosesləri
Materiallar fizikası
Maşınların möhkəmliyi və dinamikası
Hidroaerodinamika
Fiziki elektronika
İnformasiya sistemləri
Materialşünaslıq və yeni materiallar texnologiyası
Tribotexnika
Mexanotronika
Maddi istehsal vasitələrinin renovasiyası
Kompüter riyaziyyatı
Lazer sistemləri
Mexanikləşdirmə və avtomatlaşdırma
Tibbi biologiya
Texniki elmlər 1800
Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı
Faydalı qazıntı yataqlarının işlənməsi
Energetika və enerji maşınqayırması
İstilik energetikası, maşın və qurğuları
Metallurgiya
Maşınqayırma və material emalı
Aviasiya və raket-kosmos texnikası
Dəniz texnikası və gəmiçilik
Dəmiryol nəqliyyatı və təsərrüfatı
Yerüstü nəqliyyat vasitələri, yerüstü və hava nəqliyyatının istismarı
Texnoloji maşınlar və avadanlıqlar
Elektrotexnika və elektromexanika
Cihazqayırma
Elektron texnikası
Radiotexnika
Telekommunikasiya
Avtomatika və idarəetmə
İnformatika və hesablama texnikası
Memarlıq
İnşaat
Mühəndis sistemlərinin və qurğularının tikintisi
Nəqliyyat tikintisi
Tikinti materialları və məmulatlarının texnologiyası
Geodeziya və xəritəçilik
Kimya texnologiyası
Meşə təsərrüfatı və meşə ehtiyatlarının bərpası
Qida məhsullarının texnologiyası
Çoxişlənən malların texnologiyası
Texniki-məişət xidmətində servis
Sosial-mədəni sahədə servis
Standartlaşdırma və sertifikasiya
Əmtəəşünaslıq
Həyat fəaliyyətinin təhlükəsizliyi
Elektron cihazlarının layihələndirilməsi və texnologiyası
Biotibbi texnika
Neft-qaz sənayesinin mühəndis qurğuları tikintisi
Aqrar və balıq təsərrüfatı 1600
Aqrokimya və torpaqşünaslıq
Aqronomluq
Zootexniklik
Baytarlıq
Yer quruluşu və yer kadastrı
Aqrar mühəndisliyi
Balıqçılıq
Su bioehtiyatları və akvabitkilər
Ekologiya və təbiətdən istifadə 1600

Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin miqdarından artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir.

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli,
120 nömrəli qərarı ilə
təsdiq edilmişdir

3 nömrəli əlavə

Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi
Qaydaları

  1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsi məsələlərini tənzimləyir.

1.2. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi dövlət sifarişi əsasında həyata keçirilir.

1.3. Ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin dövlət sifarişi əsasında həyata keçirilməsi həm bakalavriat, həm də magistratura səviyyələrini əhatə edir. Ali təhsil müəssisələrində baza ali tibb təhsili bakalavr səviyyəsinə, rezidentura isə magistratura səviyyəsinə bərabər tutulur.

1.4. Mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.

1.5. Dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.

  1. Əsas anlayışlar

Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

    • dövlət sifarişi — ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla, müəyyən edilmiş ixtisaslar üzrə təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan təhsilalanların sayı;
    • dövlət sifarişi əsasında maliyyələşdirmə — dövlət sifarişi çərçivəsində təhsil almaq hüququnu əldə edən şəxslərin təhsil xərclərinin adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsi hesabına maliyyələşdirilməsi;
    • adambaşına maliyyələşdirmə prinsipi — ali təhsil müəssisələrində təhsillə bağlı xərclərin hər bir təhsilalana düşən xərclər əsasında müəyyənləşdirilməsi.
  1. Adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsi

3.1. Adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsi hər bir təhsilalana düşən xərclərin, müvafiq ixtisasların xüsusiyyətləri nəzərə alınmaqla, hesablanması üçün istifadə edilən formul və prosedurları məcmu şəkildə özündə əks etdirən metodikaya əsaslanır.

3.2. Beynəlxalq müqavilələrə əsasən Azərbaycan dövlətinin hesabına təhsil alan əcnəbilər üçün adambaşına təhsil xərclərinin hesablanması zamanı beynəlxalq müqavilələrin şərtlərindən asılı olaraq, digər xərclər də nəzərə alınır.

  1. Dövlət sifarişi çərçivəsində təhsilalanların müəyyənləşdirilməsi

4.1. Hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə növbəti il üçün razılaşdırılmış təklifləri hər il mayın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

4.2. Razılaşdırılmış təkliflər əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunu hər il iyunun 1-dək təsdiq edir.

4.3. Dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri növbəti il üçün təkliflərini hər il aprelin 1-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etməlidirlər. Təkliflərdə özəl ali təhsil müəssisəsinin dövlət sifarişində hansı ixtisaslar üzrə iştirak edə biləcəyi qeyd olunmalıdır.

4.4. Ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər müvafiq qanunvericiliyə uyğun olaraq, keçirilən qəbul imtahanları nəticəsində müəyyən edilir.

4.5. Dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müvafiq identifikasiya kodu verilir.

4.6. Ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişində iştirak etmək istəyən ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər.

  1. Dövlət sifarişi əsasında maliyyələşmənin şərtləri

5.1. Dövlət sifarişi əsasında maliyyələşmənin şərtləri bu Qaydaların 1 və 2 nömrəli əlavələrində göstərilən nümunəvi müqavilələr əsasında müəyyənləşdirilir.

5.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil müəssisələri arasında bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq hər il sentyabrın 15-dək müqavilə imzalanır.

5.3. Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında hər il sentyabnn 15-dək bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq müqavilə imzalanır.

5.4. Dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarına uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat və ya magistratura səviyyəsindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edir.

5.5. Dövlət sifarişi əsasında maliyyələşmə qeyd olunmuş müddətdən çox ola bilməz.

5.6. Dövlət sifarişi əsasında maliyyələşmə aşağıdakı hallarda müvəqqəti olaraq dayandırılır:

    • müddətli həqiqi hərbi xidmətə çağırıldıqda (2 ildən çox olmayaraq);
    • ailə vəziyyəti və səhhəti imkan vermədikdə (2 ildən çox olmayaraq);
    • sosial məzuniyyətdə olduqda (qanunvericiliklə müəyyən olunmuş müddətə);
    • xaricdə təhsil aldıqda (1 ildən çox olmayaraq);
    • ali məktəblər arasında bağlanılan müqavilələr çərçivəsində tələbə təhsilini xaricdə davam etdirdikdə (müqavilədə göstərilən təhsil müddətinə).

5.7. Dövlət sifarişi əsasında maliyyələşmədən məhrum edilmə aşağıdakı hallarda baş verə bilər:

    • təhsilalan təhsilini davam etdirmədikdə (5.6-cı bənd istisna olmaqla);
    • təhsilalan ali təhsil müəssisəsindən xaric edildikdə (digər ali məktəbə köçürülmə ilə bağlı xaric olunma istisna olmaqla);
    • təhsilalan bu Qaydaların 5.6-cı bəndində qeyd olunan hallarda göstərilən müddətlərdən çox təhsilinə fasilə verdikdə;
    • təhsilalan ixtisasını dəyişdikdə (bu Qaydaların 5.6-cı bəndində göstərilən səbəblərə görə müvəqqəti təhsilini dayandırmış şəxslər təhsilini davam etdirmək istədikdə, həmin ali məktəbdə eyni ixtisas üzrə mütəxəssis hazırlığı aparılmadığı hallar istisna olmaqla);
    • dövlət sifarişi əsasında maliyyələşmə müddəti bitdikdə.

Dövlət sifarişi əsasında maliyyələşməsi müvəqqəti olaraq dayandırılan təhsilalanın təhsilinin yenidən dövlət sifarişi əsasında maliyyələşdirilməsi yalnız həmin təhsilalanın bu Qaydaların 5.6-cı bəndində nəzərdə tutulmuş hallara görə təhsilə fasilə verməsi müəyyən edildiyi təqdirdə mümkündür.

5.8. Dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış təhsilalan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda həmin təhsilalan üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsilalana təklif olunur. Həmin təhsilalan dövlət sifarişi çərçivəsində təhsil alması ilə bağlı şərtləri qəbul etdiyi təqdirdə, bu proses müvafiq qaydada rəsmiləşdirilir. Təhsilalan bu Qaydalarda nəzərdə tutulduğu halda dövlət sifarişi əsasında maliyyələşdirmədən məhrum edilərsə, 7 iş günü müddətində ali təhsil müəssisəsi tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bildiriş təqdim olunur.

5.9. Dövlət sifarişi əsasında maliyyələşmə hüququnu əldə etmiş təhsilalan mülkiyyət formasından asılı olmayaraq, müəyyən ixtisas üzrə dövlət sifarişində iştirak edən hər hansı ali təhsil müəssisəsində eyni ixtisas üzrə təhsilini davam etdirdiyi təqdirdə, dövlət sifarişi əsasında maliyyələşmə dayandırılmır.

  1. Dövlət sifarişi əsasında maliyyələşmənin səmərəliliyinə nəzarət

Dövlət sifarişində iştirak edən ali təhsil müəssisələrində maliyyələşmənin səmərəliliyinə nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi və aidiyyəti nazirliklər həyata keçirir.

«Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları»na

1 nömrəli əlavə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi arasında
Nümunəvi Çərçivə Müqaviləsi

Bakı şəhəri «_____»__________________ 20___ il

 

Bir tərəfdən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər tərəfdən, ali təhsil müəssisəsi

__________________________________________________________________________

(adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı)

birgə «tərəflər», ayrı-ayrılıqda isə «tərəf» adlanmaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. 2010/2011-ci tədris ilindən başlayaraq, hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur (2010/2011-ci tədris ilində I kurslar, 2011/2012-ci tədris ilində I və II kurslar, 2012/2013-cü tədris ilində I, II və III kurslar və 2013/2014-cü tədris ilindən bütün kurslar).

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentin seçdiyi ali təhsil müəssisəsinə ödəməyi öhdəsinə götürür.

2.2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı hüquqları vardır:

2.2.1. ali təhsil müəssisəsindən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

2.2.2. ali təhsil müəssisəsi üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək.

2.3. Ali təhsil müəssisəsi aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilalanların dövlət standartlarına uyğun təhsilini təşkil etmək;

2.3.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyindən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

2.3.3. ali təhsil müəssisəsi üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək;

2.3.4. hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbi ilə təqdim etmək;

2.3.5. təhsilalanlara təqaüdlərin və qanunvericiliklə müəyyən olunmuş digər xərclərin ödənilməsini təmin etmək;

2.3.6. tədris ili bitdikdən sonra 20 (iyirmi) iş günü müddətində təhsilalanın illik təhsilinin nəticələrinə dair hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;

2.3.7. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 5 (beş) təqvim günü müddətində məlumat vermək.

2.4. Ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyindən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Xərclərin məbləği və ödəniş qaydası

3.1. Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.2. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir.

3.3. Bir təhsilalana müəyyən edilmiş xərclər ali təhsil müəssisəsinin təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa ali təhsil müəssisəsinin xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə ödənilir.

4. Fors-major

4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.

4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:

4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən məlumatı təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Bildirişin göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddət ərzində uzadılır. Qarşısıalınmaz qüvvənin təsiri 2 (iki) aydan çox davam edirsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəf isə bu Müqavilənin şərtlərinə müvafiq olaraq, məlumatlandıraraq poza bilər.

5. Müqavilənin ləğv edilməsi qaydası

5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edə bilər.

5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Tərəflərdən biri Müqavilənin ləğv edilməsi barədə digər tərəfin imtina etməsi barədə məlumat aldıqda və ya həmin məlumatda göstərilmiş vaxt göstərilmədikdə və 30 (otuz) iş günü müddətində ondan cavab almadıqda, Müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.

5.4. Müqaviləyə vaxtından əvvəl xitam verilərkən, ali təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsil alanlar təhsil aldıqları ixtisaslar və onların istəkləri nəzərə alınmaqla, digər ali təhsil müəssisələrinə köçürülürlər.

6. Mübahisəli məsələlərin həlli

6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

7. Tərəflərin məsuliyyəti

Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə müvafiq protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavələr və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab edilir.

9. Digər şərtlər

9.1. Bu Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti _______________ tarixinədəkdir.

9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə və əgər ali təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsil alan təhsilalan olarsa, həmin Müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə və eyni müddətə uzadılır.

9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi müvafiq ali təhsil müəssisəsində, digər nüsxəsi isə Azərbaycan Respublikasının Təhsil Nazirliyində saxlanılır.

10. Tərəflərin rekvizitləri və imzaları

 

Azərbaycan Respublikasının
Təhsil NazirliyiAzərbaycan Respublikası, Bakı şəhəri A31008, Xətai pr., 49
Tel: (+99412) 496-35-55VÖEN 1500046011

h/h 137010002944

Azərbaycan Beynəlxalq Bankının mərkəzi filialı
SWIFT BIK_IBAZAZ 2X
Bankın VÖENi 9900001881

Ali təhsil müəssisəsi

______________________________________

(adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı)

_____________________________________

______________________________________

______________________________________

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

______________________________________

______________________________________

imza _________________________________

______________________________________

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

______________________________________

imza

______________________________________

«Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları»na

2 nömrəli əlavə

Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında
Nümunəvi Fərdi Müqavilə № _______

Bakı şəhəri «_____»__________________ 20___ il

 

Bir tərəfdən, ali təhsil müəssisəsi və digər tərəfdən, dövlət sifarişi ilə təhsil alacaq təhsilalan

__________________________________________________________________________

(soyadı, adı, atasının adı)

birgə «tərəflər», ayrı-ayrılıqda isə «tərəf» adlanmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanmasına dair müddəaları nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. 2010/2011-ci tədris ilindən başlayaraq, hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur (2010/2011-ci tədris ilində I kurslar, 2011/2012-ci tədris ilində I və II kurslar, 2012/2013-cü tədris ilində I, II və III kurslar və 2013/2014-cü tədris ilindən bütün kurslar).

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. Ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarına uyğun olaraq, təhsilalana ödənilməli olan məbləği bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.

2.2. Ali təhsil müəssisəsinin təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə ali təhsil müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.

2.3. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;

2.3.2. ali təhsil müəssisəsinin daxili intizam və davranış qaydalarına riayət etmək;

2.3.3. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin ümumi əxlaq və etik davranış qaydalarını pozmamaq;

2.3.4. ali təhsil müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;

2.3.5. öz hərəkətləri ilə ali təhsil müəssisəsinə maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;

2.3.6. ali təhsil müəssisəsi tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) iş günü müddətində təqdim etmək;

2.3.7. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında ali təhsil müəssisəsinə 5 (beş) təqvim günü müddətində məlumat vermək.

2.4. Təhsilalanın ali təhsil müəssisəsindən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Xərclərin məbləği və ödəniş qaydası

3.1. Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.2. Bu Müqaviləyə uyğun olaraq, ali təhsil müəssisəsi tərəfindən təhsilalana ödənilməli olan bütün pul ödənişləri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.

3.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan təhsil müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

4. Fors-major

4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.

4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:

4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.

5. Müqavilənin ləğv edilməsi qaydası

5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlamalıdır.

5.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan ali təhsil müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir.

5.5. Belə hallarda Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, ali təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunur.

6. Mübahisəli məsələlərin həlli

6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.

7. Tərəflərin məsuliyyəti

Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.

9. Digər şərtlər

9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.

9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə və əgər ali təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsilalan olarsa, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır.

9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsilalana verilir, digər nüsxəsi isə ali təhsil müəssisəsində saxlanılır.

10. Tərəflərin rekvizitləri və imzaları

 

Təhsil müəssisəsi

______________________________________

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

______________________________________

imza _________________________________

Təhsilalan

______________________________________

(soyadı, adı, atasının adı)

Yaşadığı yer: Azərbaycan Respublikası

______________________________________

ünvan: _________________________ küçəsi, ev № _____, mənzil № __________, tel: __________________________________

pasport/şəx.vəsiqəsi __________________

seriya ________________________________

______________________________________

imza _________________________________

© «VneshExpertService» LLC

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок