Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Ümumrespublika Hesabat Qurultayı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Ümumrespublika Hesabat Qurultayı keçirilmişdir

2018-ci il dekabrın 22-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Ümumrespublika Hesabat Qurultayı keçirilmişdir. Qurultayda Azərbaycan QMƏVŞAİB-in idarə heyəti, Mərkəzi Nəzarət Təftiş Komissiyası, filialların sədr və müavinləri iştirak etmişlər.

İctimai birlik yarandığı gündən xalqın vətənpərvər oğul və qızlarının rifahı naminə çalışmış, Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinə maddi və mənəvi dayaq olmuşdur. İctimai birliyimizin rəhbərliyi, başda birliyin sədri Mehdi Mehdiyev olmaqla mütəmadi olaraq bölgələrə səfərlər edir, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin problemləri ilə maraqlanır, müvafiq qurumlar qarşısında problemlərin həlli ilə bağlı məsələlər qaldırırlar.

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində də ictimai birliyin xidmətləri böyükdür. Məktəblərdə, hərbi hissələrdə gənclərlə keçirilən görüşlərdə vətənpərvərlik mövzusuna toxunulur, igid vətən oğullarımızın fəaliyyəti nümunə kimi təbliğ olunur. Bu sahədə görülən işlərin əhəmiyyəti dəfələrlə yuxarı təşkilatların rəhbərləri tərəfindən də qeyd olunmuşdur.

Ümumrespublika Hesabat Qurultayında ictimai birliyin sədri Mehdi Mehdiyev iştirakçılar qarşısında il ərzində görülən işlər barədə hesabatla çıxış etmişdir. O, hesabatında ictimai birliyin il ərzində gördüyü işlərdən, keçirdiyi tədbirlərdən, müraciət etmiş Qarabağ müharibəsi statusundan olan insanların problemlərinin həllindən, onların sosial-məişət və digər problemlərinin aidiyyatı üzrə dövlət qurumlarının qarşısında qaldırıldığını bildirmişdir:

M.Mehdiyev görülən müsbət işlərlə yanaşı, bəzi filial sədrlərinin öz vəzifələrinin icrasına səhlənkar yanaşdıqlarını da bildirdi. Həmin filialların sədrlərinə öz iradlarını qeyd etdi.

Daha sonra ictimai birliyin Mərkəzi Nəzarət Təftiş komisiyasinin sədri Aris Məmmədov hesabatla çıxış etmişdir. Hesabatında o, ictimai birliyin qarşısında duran vəzifələrin əsasən yerinə yetirildiyini və bəzi filiallarda müəyyən nöqsanların olduğunu bildirdi. A.Məmmədov ictimai birliyin illik fəaliyyətinin MNTK tərəfindən qənaətbəxş hesab edildiyini qeyd etdi.

Hesabatlar dinlənildikdən sonra müzakirələr başlandı. Qazax rayon filialının sədri çıxış edərək ictimai birliyin hesabatının qənaətbəxş hesab edilməsi təklifini irəli sürmüşdür. Digər çıxış edənlər də ictimai birliyin fəaliyyətinin qənaətbəxş hesab edilməsi təklifini irəli sürdülər. Hesabat yekdilliklə qənaətbəxş hesab edildi.

Daha sonra ictimai birliyin sədri Mehdi Mehdiyev növbəti 2019-cu il üçün ictimai birliyin qarşısında duran məsələlərdən danışdı, öz tapşırıqlarını verdi.

Daha sonra Azərbaycan QMƏVŞAİB-in il ərzində birinci 10 yeri tutan filialın sədri Fəxri Fərmanla təltif olundular.

Tədbirin sonunda Qurultay iştirakçılarının Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına  Müraciəti oxundu və yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı, Zati Aliləri
Cənab İlham Əliyevə

MÜRACIƏT

 

                Möhtərəm Prezident!

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri içtimai birliyinin Qurultay nümayəndələri Sizi dərin hörmətlə salamlayır, vətənimizin işğal altında olan ərazilərinin azad edilməsi, müstəqil Azərbaycanımızın inkişafı, qüdrətinin daha da artırılması yolunda məqsədyönlü, davamlı, gərgin və şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Son illər dünyada yaşanan qlobal iqtisadi böhran fonunda Azərbaycan dövləti heç bir sosial layihəni dayandırmayıb, əksinə, müharibə zümrəsindən olan insanların sosial problemlərinin həllinə böyük önəm vermişdir. Bu gün Azərbaycan regionda bir sıra irimiqyaslı layihələrin icrasının iştirakçısı və təşkilatçısı olmaqla yanaşı, dünyada inkişaf etmiş ölkə kimi qəbul edilir. Təbii ki, bu inkişafın təməl daşı ulu öndər Heydər Əliyev tərəfindən qoyularaq Sizin tərəfinizdən uğurla davan etdirilir.

2018-ci ildə növbəti dəfə prezident seçildikdən sonra ilk imzaladığınız Fərman “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş  və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı” olması, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ilə yanaşı Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluğçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin  həll olunması, onlara verilən imtiyaz və güzəştlərin genişləndirilməsi bizləri daha da sevindirir.

Azərbaycan dövlətinin müstəqilliyinin, süverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanılması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi Sizin sayənizdə dövlətin ən ümdə vəzifələrinə çevrilmişdir.

                Cənab Prezident!

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri içtimai birliyinin Qurultay nümayəndələri adından Sizi doğum gününüz, eləcə də qarşıdan gələn, təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Uca ALLAHdan möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər diləyirik.

                Cənab Ali Baş komandan!

Bizim əsas problemimiz Qarabağ məsələsidir və Qarabağ uğrunda, işğal edilmiş torpaqlarımızın azadlığı naminə döyüşə hər an hazırıq və İRƏLİ əmrinizi gözləyirik. Biz ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqik və Sizin əmrinizə müntəzir, əqidəsindən dönməyən əsgərlərinizik.

 Müraciət Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri içtimai
birliyinin Hesabat Qurultayında qəbul edilmişdir

Səmimi hörmət və ehtiramla,

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri ictimai birliyinin
 sədri  Mehdi Mehdiyev

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок