Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in konfrans zalında şəhid ailələri ilə görüş keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in konfrans zalında şəhid ailələri ilə görüş keçirilmişdir

Bu gün Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin konfrans zalında şəhid ailələri ilə görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin sədri  Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycan Çernobıl Əlilləri ictimai birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Respublikası 20 Yanvar ictimai birliyinin sədri Sultan Əzimzadə, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı, Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin sədri Nəsimi Həsənov, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələrinin və KİV nümayəndələri iştirak etmişlər.

Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev tədbiri açaraq ilk öncə həlak olmuş bütün şəhidlərimizə allahdan rəhmət diləmiş və bir dəqiqəlik sükut elan etmişdir. Öz çıxışında M.Mehdiyev demişdir: “…Burda şəhid polis qardaşlarımızın birdəfəlik ödənişdən kənarda qalmasının səbəbi müstəqilliyini yenicə əldə etmiş Azərbaycandakı qərarlarda olan boşluqlardır. O boşluğun  əsası bundan ibarətdir ki, hərbi qulluqçular haqqında qanunda hər bir kəs hərbi xidmətə, hərbi toplantıya, hərbi səfərbərliyə çağırılan gündən dövlət tərəfindən sıqortalanmış hesab olunur. Polislər isə arxa cəbhədə xidmət etdiyi üçün bu qayda onlara şamil olunmurdu. Amma əgər polisi cəbhə xıttinə döyüş tapşırığını yerinə yetirmək üçün göndərirlərsə, həmin gündən qaydaya əsasən o, sığortalanmış olmalıdır. Bu, qanunla nəzərdə tutulmamışdı. Bu boşluğu doldurmaq üçün cənab Prezident ikinci fərmani imzaladı. Həmin fərmanda 461 şəhid polisin vərəsələri artıq birdəfəlik ödənişi (11000 manat) alacaq. O cümlədən də ilkin dövrdə az məbləğdə sığorta alanlara da cənab Prezidentin vurğuladığı kimi, hər birinə əlavə ödəniş olunacaq. Cənab Prezident bir qrup şəhid ailəsi ilə görüşdə də bunu vurğuıladı, onlara plastik kartlları təqdim etdi. Orada şəhid hərbi qulluqçularının ailələri ilə birlikdə şəhid polislərin ailə üzvləri də var idi. Bununla da cənab Prezident bir daha sizlərə olan səmimiyyətini ortaya qoydu və hamımız bunun şahidi olduq. Elə bu gün buraya toplaşmağımızın da məqsədi Prezidentin bu addımlarını bir daha təqdir etmək və hamımızın adından cənab Prezidentə təşəkkür məktubu imzalamaqdır”.

Daha sonra M.Mehdiyev sözü hərb yönümlü təşkilatların rəhbərlərinə verdi.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli öz çıxışında şəhidlərin xatirəsini əziz tutduqları üçün tədbir iştirakçılarına minnətdarlığını bildirdi. “Azərbaycan dünyanın yeganə ölkəsidir ki, bu qədər sosial imtiayazlı vətəndaşı var. Böyük Vətən müharibəsi iştirakçıları, Əfqanıstan müharibəsi iştirakçıları, Çernobıl qəzasının aradan qaldırılması iştirakçıları, 20 Yanvar hadisələrinin iştirakçıları, Qarabağ müharibəsinin şəhid və əlilləri, üstəlik bir milyon vətəndaşımızın qaçqın, köçkün düşməyi, əlilliyi olan  digər vətəndaşlarımız. Ümummilli liderimiz Heydər Əliyev həm dövlət qurdu, həm onun sabitliyini təmin etdi, onun Konstitusiyasını yaratdı. Həm də bu kateqoriyadan olan insanlara qayğı və diqqət göstərdi. Bu gün də ölkə başçımız bu işi layiqincə davan etdirir.

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı öz çıxışımda şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün görülən tədbirlərin daha geniş vüsət almasını arzuladı. “Bu gün məni narahat edən məsələlərdən biri hələ də bir çox şəhidlərimizin adlarına məktəblərin və küçələrin olmamasıdır. Biz çoxsaylı müraciətlər eləmişik. Respublikamızda, Bakı şəhərinin özündə küçələr var ki, adsızdır. Olmazmı həmin küçələrə bizim əziz şəhidlərimizin adları verilsin? Bu, bir vətənpərvərlik jesti olardı.” – deyə Mətanət xanım öz təklifini bildirdi.

Digər hərb yönümlü təşkilatların nümayəndələri də öz çıxışlarında cənab Prezidentin son fərmanlarını layiqincə qiymətləndirmiş, humanizm, diqqət və qayğının təcəssümü olduğunu bildirmişlər.

Daha sonra söz tərbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə verildi. Səmimi çıxışlar zamanı şəhidlərimizin ana-ataları diqqət və qayğıya görə prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, şəhid valideyni olduqları üçün fəxr etdiklərini vurğulamışlar.

Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev çıxışında demişdir ki,  Azərbaycan dövləti bütün dünya üçün vətəndaşlara sosial qayğı göstərməkdə, sosial qanunvericilik bazası baxımından bir nümunədir. “9 may Qələbə günündə Rusiya müharibə iştirakçılarına simvolik sayda mənzil verdiyi halda, Azərbaycan hökuməti bu günə kimi Qarabağ əlillərinə, şəhid ailələrinə 6654 mənzil təhvil verib. Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilən mənzillərin sayı rekord həddə çatmışdır – 626. Bu il 800-dən çox mənzil verilməsi nəzərdə tutulub. Bu bir daha göstərir ki, dövlətin qüdrəti artdıqca cənab Prezident sosial sahəyə ayırmaları da artırır”.

M.Mehdiyev bəzi məmurların şəhid ailələrinə etinasız yanaşması məsələsinə də toxunmuşdur. Onların laqyd və kobud rəftarı həssas insanları narazı salır. “Lakin  10 nəfər, 20 nəfər məmur dövlət demək deyil. Dövlət – uğrunda qan tökdüyümüz bizlərik və bizim seçdiyimiz prezidentdir. Həmin məmurlarla da qanun müstəvisində mübarizə aparmalıyıq, imkan verməməliyik ki, bu cür hallara yol verənlər cəmiyyəti parçalasınlar” – deyə o vurğulamışdır.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət dinlənildi. Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Zati Aliləri cənab İlham Əliyevə

MÜRACİƏT

 Möhtərəm Prezident!

Azərbaycan Respublikasında fəaliyyət göstərən hərb yönümlü qeyri-hökumət təşkilatları Sizi dərin hörmət və ehtiramla salamlayır, Vətənimizin işğal altında olan ərazilərinin azad edilməsi, müstəqil Azərbaycanımızın bütün sahələrdə inkişafı, çiçəklənməsi, qüdrətinin və beynəlxalq nüfuzunun artırılması, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində apardığınız ardıcıl, məqsədyönlü, gərgin və şərəfli işinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayırıq.

Cənab Prezident!

Təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ölkəmizin hərtəfərli inkşaf kursu və sosial siyasət Sizin rəhbərlik etdiyiniz dövrdə yeni vüsət almışdır.

Siz hər zaman xalqın, o cümlədən müharibə iştirakçılarının, şəhid ailələrinin və məcburi köçkünlərin yanında olmusunuz, onların problemlərini öyrənib aradan qaldırmağa çalışmısınız.

Dəfələrlə öz ad günlərinizdə şəhid ailələrinə, müharibə əlillərinə və məcburi köçkünlərə mənzillər təqdim etmisiniz.

Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, Milli Qəhrəmanlar, eyni zamanda respublikamızın konstitusiya quruluşu və müstəqilliyi uğrunda 20 yanvar 1990-cı il hadisələri zamanı şəhid olanların ailələri və əlilləri üçün Prezident təqaüdü təsis etməyiniz və onların övladlarının dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi barədə sərəncam bizlərə olan dövlət qayğısının əyani göstəricisidir.

2018-ci ildə keçirilən Prezident seçkilərində inamlı qələbənizdən sonra Sizin imzaladığınız ilk Fərman şəhid ailələrinə birdəfəlik ödəmənin (11 000 manat) verilməsi olub. Bu fərman həmin ailələrin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı böyük rəğbətlə qarşılanıb.

28 yanvar 2019-cu ildə bir qrup şəhid ailəsini Prezident sarayına dəvət edərək onlarla keçirdiyiniz səmimi görüş və imzaladığınız növbəti fərmanı elan etməyiniz daha çox sayda insanın sevincinə səbəb oldu. 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailələri üçün təsis edilmiş Prezident təqaüdünün 300 manata çatdırılması da hər birimiz tərəfindən sevinc və məmnunluqla qarşılanmışdır.

Qeyd edilənlər onu göstərir ki, əhalinin bütün təbəqələri, xüsusən də müharibənin od-alovundan keçmiş, canlarını Vətən uğrunda fəda etmiş insanlar hər zaman Sizin diqqət mərkəzinizdədirlər.

 Cənab Prezident!

Vətənimiz Azərbaycanı tərəqqiyə doğru apardığınıza, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Sizin qayğıkeşliyiniz məmurlar üçün əyani nümunədir. İnanırıq ki, bu təbəqədən olan insanlar hər zaman Sizin diqqətinizdə olmaqla yanaşı müharibə əlilləri və veteranlarının da sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüləcəkdir.

Cənab Ali Baş komandan!

Xalqımızın və dövlətimizin ən böyük problemi ərazi bütövlüyümüzün hələ də bərpa olunmaması, torpaqllarımzın 20 faizinin işğal altında olmasıdır.

Biz hər zaman səfərbər olmağa və Sizin rəhbərliyiniz altında torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə hazır olduğumuzu bir daha diqqətinizə çatdırırıq.

 Zati Alilərinizə hörmət və ehtiramla:

 Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin sədri  Mehdi Mehdiyev

Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev

Azərbaycan Çernobıl Əlilləri ictimai birliyinin sədri Mirhəsən Həsənov

Azərbaycan Respublikası 20 Yanvar ictimai birliyinin sədri Sultan Əzimzadə

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı

Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin sədri Nəsimi Həsənov

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок