Son Xəbərlər:
Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin həyata keçirdiyi “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsi iştirakçılarının görüşü keçirilmişdir

Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin həyata keçirdiyi “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsi iştirakçılarının görüşü keçirilmişdir

Avqustun 7-si Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin konfrans zalında Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilmiş “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsi iştirakçılarının görüşü keçirilmişdir. Görüşdə dərnəyin sədri Cəvahir Əhmədova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadə, layihədə iştirak etmiş şəhid övladları, Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev və ictimai birliyin fəal üzvləri iştirak etmişlər. Layihə çərçivəsində şəhid övladları Türkiyənin bir çox şəhərlərində olmuş, qardaş xalqın şəhid övladları ilə görüşərək, Vətənimizin tarixi, işğal olunmuş torpaqlarımızın azadlığı  uğrunda apardığımız mübarizə haqqında məlumat vermişlər. Eləcə də Türkiyənin dövlət rəsmiləri ilə görüşlər keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mehdi Mehdiyev qonaqları salamlamış, keçirilmiş layihənin əhəmiyyətindən danışmış və layihənin uğurlu alındığını qeyd etmişdir. Daha sonra o, sözü Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olan, Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədovaya vermişdir.

Cəvahir xanım Azərbaycanlı şəhid övladlarının Türkiyə səfərindən danışmış, sözü gedən layihənin qardaş xalqlarımız arasındakı dostluq və mehriban münasibətlərin daha da möhkəmlənməsində oynadığı rolundan bəhs etmişdir. O, belə tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsinə əvəzolunmaz təsirini qeyd edərək demişdir ki, torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin övladları öz valideynləri ilə fəxr etməli, şəhid anaları isə qəhrəman oğulları ilə qürur  duymalıdırlar.

Cəvahir xanım səfər təəssüratlarından, Türkiyə xalqının Azərbaycanlı balalara qarşı isti, dostluq münasibətindən, onların şəhid adını uca tutmasından danışdı.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadə öz çıxışında Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, Cəvahir xanım böyük ictimai fəallıq nümayiş etdirir, xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəmir.

Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev çıxışında başda Cəvahir Əhmədova olmaqla layihənin baş tutmasında əməkləri olan bütün insanlara öz minnətdarlığını bildirdi. O qeyd etdi ki, dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi qayğı və diqqəti daim artırır, onların problemlərini birinci növbədə həll etməyə çalışır. Bu məqsədlər üçün ayrılan vəsait, təqdim olunan mənzillər və nəqliyyat vasitələri buna əyani sübutdur. Bununla belə, hər bir Azərbaycan vətəndaşı, hər bir övladımız özündə Vətən qeyrəti tərbiyə etməli, öz əməlləri ilə xalqımızın rifahının artmasına, vətənimizin çiçəklənməsinə dəstək olmalıdır. İctimai birlik olaraq təşkilatımız da fəaliyyət istiqamətlərindən biri kimi məktəblilərlə vətənpərvərlik mövzusunda tədbirlər keçirir. Təkcə bu ilin birinci yarısında məktəblərdə 250-ə yaxın tədbir keçirmişik.

Tədbirin sonunda Mehdi Mehdiyev bir daha Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədovaya layihənin uğurlu alınmasında göstərdiyi təşkilatçılığa görə təşəkkürünü bildirdi və ictimai birliyin təsis etdiyi “Vətənpərvərlik işində xidmətlərinə görə” medalını ona təqdim etdi.

İştirakçılar xatirə şəkilləri çəkdirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок