Son Xəbərlər:
Azərbaycan ən iri miqyaslı Komanda Qərargah hərbi oyunları keçirilmişdir (fotolar və video)

Azərbaycan ən iri miqyaslı Komanda Qərargah hərbi oyunları keçirilmişdir (fotolar və video)

29 sentyabr 2015-ci il.
20150908_telim2
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirildi.

Təlimlərə 65 min nəfərin iştirakı ilə 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qurğusu, 40-dək təyyarə və 50-dək helikopter, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb olunmuşdu.
Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunmuşdur.

Komanda Qərargah Hərbi Oyunlarında qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi, eləcə də düşmənin mühasirəyə alınması və darmadağın edilməsi üzrə tapşırıqlar icra olundu.

Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6 000 nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb edildi. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirildi.

Komanda Qərargah Hərbi Oyunlarının son mərhələsində təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunmuş, praktiki raket buraxılışları və bombalama həyata keçirilmişdir.
Zakir Hasanov
Təlimlərdən sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də irimiqyaslı təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə Komanda Qərargah Hərbi Oyunlarının yekunlarına dair müşavirə keçirilib. Müdafiə Nazirliyinin saytında xəbər verilir ki, müdafiə naziri praktiki atışlarla icra olunan irimiqyaslı təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarında qarşıya qoyulan məqsəd və vəzifələr məharətlə yerinə yetirilib. Nazir bütün qoşun növ və qismləri, xüsusi təyinatlılar, təminat vasitələri tərəfindən döyüş şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyətdə imkanlarını praktiki olaraq tətbiq edərək təlim-döyüş tapşırıqlarının tələb olunan səviyyədə icra olunduğunu qeyd edib, həmçinin döyüş atışlarının icrası, manevrlərin həyata keçirilməsi zamanı komandirlərin və şəxsi heyətin təşəbbüskarlığını yüksək qiymətləndirib.

Müdafiə naziri düşmənlə çətin radioelektron mübarizə şəraitində, qarşılıqlı əlaqəli fəaliyyətin təşkilinə və bölmələrin dəqiq idarə edilməsinə xüsusi diqqət yönəldilməsini və gələcəkdə də bu istiqamətdə səmərəli tədbirlərin görülməsini tələb edib.

Eyni zamanda nazir hərbi əməliyyatlar zamanı mülki əhalinin, hərbi və mülki obyektlərin, təsərrüfat sahələrinin, kommunikasiyaların və digər həyati əhəmiyyətli sahələrin mühafizəsində, həmçinin səfərbərlik ehtiyatlarının vaxtında toplanmasında, qəbulunda yerli icra orqanları ilə qarşılıqlı əlaqələrin daha sıx olmasının vacibliyini də diqqətə çatdırıb.

Şəxsi heyətin döyüşə hazırolma və döyüş qabiliyyətini, peşəkarlığını yüksək qiymətləndirən Müdafiə naziri belə təlimlərin keçirilməsinin əhəmiyyətini bir daha diqqətə çatdıraraq komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

VIDEO

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок