HomeBütün Xəbərlər18 may Laçının işğalı günüdür

18 may Laçının işğalı günüdür

18 may Laçının işğalı günüdür

Bugün Azərbaycanın Laçın rayonunun Ermənistan və onun havadarları tərəfindən işğal olunmasından 28 il ötür. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayonunun mərkəzini intensiv olaraq müxtəlif silahlardan atəşə tutmağa başladı.

1992-ci ilin may ayının 16-dan 17-nə keçən gecə Şuşanın Turşsu adlanan ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən Ermənistan silahlı qüvvələri öz havadarları ilə hücuma keçdilər və mayın 18-də Laçını işğal etdilər. Həmin dövrdə Laçından və işğal olunan digər rayonlardan çıxarılan Azərbaycan ordusunun əksər bölmələri Bakıda cərəyan edən siyasi qarşıdurmalara cəlb edildilər. Bunun nəticəsidir ki, bölgələrdə mövqelərimiz nəzarətsiz qaldı və ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və ya itkin düşmüşdür. İşğal nəticəsində laçının sağ qalan əhalisi məcburi köçkün qismində respublikamızın müxtəlif rayonlarında yerləşdirildi. İşğal zamanı tarixi abidələr vandalizmə məruz qaldı, qəbiristanlıqlar, muzeylər darmadağın edildi.

Ermənistanın hərbi təcavüzü şəraitində BMT-nin Təhklükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyri-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina edib və bugünə kimi həmin əraziləri işğal altında saxlayır. Buna dünya ictimaiyyəti hələ də susur.

İşğaldan sonra respublikamızın müxtəlif rayonlarında yaşayan məcburi köçkünlərin dünyaya göz açan övladları öz doğma yurdlarını görmək arzusu ilə yaşayırlar. Bugün onlar respublikamızın ərazi bütövlüyünü qorumaq üçün ordu sıralaırına yollanır və hər biri işğal altında olan əraziləri azad etmək üçün Azərbaycan Respublilası Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin “İrəli!” əmrini səbrsizliklə gözləyirlər.

Cənab Prezident rəsmi görüşlərdə münaqişənin həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəklədiyini, o cümlədən Azərbaycanın tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, vətəndaşların pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxladığını bəyan edir.

Ümid edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin regionda ən güclü ordulardan biri olmasını Ermənistan dövləti dərk edəcək və BMT-nin Təhlükəsizlik Şurasının qərarlarını qeyri-şərtsiz yerinə yetirəcək.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri ictimai
birliyinin sədri  e.o. polkovnik Mehdi Mehdiyev.