Son Xəbərlər:
“Əsrin Müqaviləsi” yeniləndi – yeni saziş imzalandı

“Əsrin Müqaviləsi” yeniləndi – yeni saziş imzalandı

Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıb.

Saziş Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır.

Saziş bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanıb.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcək. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollardan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP — 30,37%, AzACG (SOCAR) — 25,00%, «Chevron» — 9,57%, «Inpex» — 9,31%, «Statoil» — 7,27%, «ExxonMobil» — 6,79%, TP — 5,73%, «Itochu» — 3,65% və «ONGC Videsh Ltd.» (OVL) — 2,31%.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

Qeyd edək ki, «AÇG» üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan yatağın işlənməsinə təqribən 33 mlrd. dollar sərmayə qoyulub.

İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. İndiyədək «AÇG»-dən təqribən 3,2 mlrd. barel (təqribən 440 mln. ton) neft hasil edilib və bu neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb.

«AÇG»-dən həmçinin ümumilikdə 30 mlrd. kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilib

2017-ci ilin birinci yarısında «AÇG»-dən gündəlik orta hesabla 585 min barel hasilat əldə edilib.

Hazırda «AÇG»-də 8 platforma – 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок